Afsana Shukur

Universitetə yeni başlayan tələbələrə tövsiyələr

Əziz universitetə yeni qədəm qoyan dostum,bu yazı sənin üçündür. BəIkə də xəyalını qurduğun, ya da istəmədiyin bir ixtisasda təhsil alacaqsan. Eybi yox, artıq bu qərarı vermisən. İndi önəmli olan bunu necə dəyərləndirməyindir. Burada səni yeni tanışlıqlar, yeni müəllimlər, yeni dərslər, yeni macəralar, bir sözlə yeni həyat gözləyir. Əgər sonradan 'kaş ki' deməmək və sıradan bir məzun olmaq istəmirsənsə, bu tövsiyələrimi qulağına sırğa et ;) 
 
♦1. İlk həftə hər kəslə tanış ol, səmimi münasibət yaratmağa çalış. Sənin kimi düşünən insanlarla əhatələn, onlarla maraqlı, yaddaqalan vaxt keçirməyə çalış. Lakin zamanla görəcəksən ki, bəziləri səninlə imtahan vaxtı yaxın olur, sonra isə salam belə vermir. Bu insanlara qarşı diqqətli ol, münasibəti sağlam təməllər üzərində qurmağa çalış 
 
♦2. Hər universitetin tələbə təşkilatı, əyləncəli və öyrədici klubları olur. Çalış ora üzv ol və fəal iştirak et. Təşkil olunan yarışlara qatıl və özünü sına. Bu sənə özünü kəşf etmə şansı qazandıracaq, eləcə də səndə təcrübə yaranacaq. Məsələn,mən həvəskar yazı-pozu işi ilə məşğul olurdum, universitet dönəmlərində esse müsabiqələrinə qoşularaq daha yaxşı və professional yaza bilmə bacarığımı üzə çıxardım. Qazandığım 1ci və 3cü yerlər, aldığım fəxri fərmanlar məni motivasiya etdi və indi burada yazılarımla sənə ilham olmağa çalışıram :) 
 
♦3. Bizə Azərbaycan dilindən dərs deyən bir xanım müəllimə var idi. O, hər zaman deyərdi ki, məndən istədiyinizi qoparın! Bura qədər gəlmisiniz, öyrənmədən yaxamı buraxmayın! Amma biz 'tələbənin kəsri olar da' deyib onun sözlərini qulaq ardına vurardıq. Peşmanıqmı? Çox! Amma hər müəllim belə olmayacaq. Müəllim dərsə girər, dərsini deyər, çıxar, aylıq maaşını alar. Yəni bilmədiyini soruşmaq sənin vəzifəndir. Bir də unutmadan, ilk başlarda 'qoy hələ biraz gəzim, tanış olum, onsuz da imtahanlara hələ var, sonra daha çox oxuyaram'- deyib dərsləri yola vermə! İlk təəssürat çox önəmlidir. Əgər ağıllı, bacarıqlı, hazır tələbə olub 'müəllimin gözünə girsən', sonra bunun sənə qatdığı avantajı özün görəcəksən. Bunu qardaş qardaşa demir biləsən ;) 
 
♦4. Mənim ən çox gileyləndiyim şey, hansı ki, indi onun əzabını çəkirəm. Şablon olacaq bəlkə, amma mütləq xarici dil öyrən, kompüter kurslarına yazıl. Ümumiyyətlə,universitet təhsili ilə kifayətlənmə. İnan, məzun olanda bu sənə bonus qazandıracaq. Hər zaman yeni bilgilərə, inkişafa ac ol! Atalar burada yaxşı deyib,(yəni,məncə :) ) acın qarnı doyar gözü doymaz. O ac'lardan ol ;) 
 
♦5, Və sonda! Mütləq təcrübə proqramlarına qoşul, könüllü olaraq işlə. Universiteti bitirəndə bu səni digər məzunlardan 1:0 öndə edəcək, yeni işlərə asan girmənə şərait yaradacaq, özgüvən qazandıracaq! 
 
Unutma! Gələcəyin sənin əlində! Karyeranı gözəl yöndə qurman, sevdiyin işlə məşğul olman və həm özünə, həm ətrafındakılara fayda vermən üçün bu uzun səyahət səni gözləyir! Gedəcəyin bu məsuliyyətli yolda ayağına tikan batmamağını yox, bu baş verərsə, onu rahatlıqla çıxarıb, arxana baxmadan hər zaman böyük addımlarla irəliləməni arzu edirəm! 

Məni izləyin