Bəzən içimizdəki potensialı sonuna qədər istifadə edib,hərəkətə keçirə bilən bir insana, ya da bir hadisəyə ehtiyac duyuruq. Bəlkə də içimizdəki bacarığı görmək,ortaya çıxarmaq üçün itici bir qüvvənin var oluşunu gözləyirik.
İçimdə yatmış, birinin onu oyatmasını gözləyən həmin o bacarığı mən də getdiyim bir iş görüşməsindən sonra üzə çıxardım.Qeyd etdiyim o itici güc- məndən müsahibə götürən şəxsin sözləri idi. O insana həmin vaxt nifrət edirdim, özgüvənimi alt-üst etmişdi,amma o zaman nə biləydim ki, uğursuz hesab etdiyim bu görüş, gələcək uğurlarımın başlanğıcı olacaq…
2019-cu il, yaz günü olduğunu xatırlayıram. Göndərdiyim CV bəyənilmişdi və mən iş görüşməsinə çağırılmışdım.
Mən də az getdim,üz getdim,dərə-təpə düz getdim, nəhayət,məkana çatdım. Nəşriyyat evi idi,tələblərin hamısına uyğun gəlirdim,içimdə “mütləq qəbul olacam” deyə elə gözəl hiss var idi ki. Amma necə deyərlər,sən saydığını say,gör fələk nə sayır.
Gənc və mehriban rəhbər məni qarşıladı və başladıq sorğu-suala. Kitabları necə sevdiyimdən, oxuduqlarımdan və yazdıqlarımdan danışdım,açdım sandığı,tökdüm pambığı. O vaxta qədər ki, sosial şəbəkələr araya girdi. “Ağıllı qonşun yoxdursa,kitabla söhbət et” məsəlini tərs çıxartdı sosial şəbəkələr,ya da həmin şəxs,bəlkə də zamanə.
Hər nəysə, başladı soruşmağa ki, sosial şəbəkələrdən istifadə edirsənmi, gəl bir axtarışa verim,baxım.
Dedim, “əlbəttə,azdır amma sazdır”. Yalan demişdim,az idi amma saz deyildi. Facebookda profil şəklim yox idi, instagramda hər kəsə açıq paylaşımlar etmirdim, linkedinin varlığından xəbərsiz idim, twittere nifrət edirdim, youtube’da kanalım var idi, amma içi boş idi, blogum isə hazırlanma müddətində idi. Əvvəl çalışdığım şirkətdə idarə etdiyim səhifələri göstərdim, “yetərsizdir”,- dedi. “Yazmağı sevirsən,trendləri izləyirsənsə, fikirlərini paylaşdığın hesabın olmalı,ancaq ora baxaraq normativlərə uyğun olub-olmadığını müəyyənləşdirə bilərik”- dedi. Hə,bir də təlimlərə qatıldığımı desəm də, bura bir qucaq dolu sertifikatlarla gəlməli olduğumun vacibliyindən danışdı. Sındı qol-qanadım,yanıma düşdü.
Bəli,nəşriyyat evi olduğuna görə kitablara önəm verdiyini düşündüyümdən sosial şəbəkələri ikinci plana salmışdım, ümumiyyətlə, paylaşım nadirən edirdim, başqaları ilə fikir mübadiləsi aparmırdım. İndiki dövrün kriteriyalarına uymurdum,yəni sosial şəbəkələrlə aram yaxşı deyildi, bu da işləmək istədiyim sahə ilə tərs mütənasiblik təşkil edirdi. Seminarlara qatılırdım,amma kağız parçasına yox, aldığım biliyin keyfiyyətinə önəm verirdim...
Bunları gec başa düşdüm,amma gec olsun,güc olmasın deyərək işə başladım. İnstagram hesabı açdım, ixtiyarı reklam markaları seçərək kontent hazırladım,sonra mövcud hadisələrlə bağlı fikirlərimi paylaşdım, xüsusi günlər olan zaman maraqlı təbriklər yazdım, bir növ portfolio kimi işlətdim. Sonra daha da genişləndirdim və hazırda özümün zövq alaraq, sahəm və marağım üzrə paylaşımlar edirəm.
Bundan əlavə linkedin hesabı açdım, facebook-da qohum-qonşu nə deyər deyə düşünməyib profilə öz şəklimi yerləşdirməkdən çəkinmədim, qruplara qoşuldum və müzakirələrdə iştirak etdim. Bir neçə xarici kurslara qoşuldum,dərslər aldım,sertifikatlar qazandım.Sonrakı iş yerlərimi tapmaqda sosial medianın faydası çox oldu. Bəlkə də həmin işə qəbul olsaydım, indiki mən olmazdım.... Hər kəs özünü fərqli şəkildə tapır,mən də özümü “rədd edilmək”duyğusunun yaşatdığı coşğu ilə kəşf etdim. Hər şərdə bir xeyir var deyib Həm yoğurdum,həm yapdım, həm də iş tapdım.
Xülasə,əgər sən də uğurlu olmaq istəyirsənsə, uğursuzluğunu qəbul edib dizlərini qucaqlayıb ağlama! Hər səhvindən dərs çıxarmağı öyrən,irəlilə və özünlə qürur duyana qədər əl çəkmə!