Yeni bir bacarıq əldə etmək istəyirsən? Təqdir edirəm! Amma heç cürə başlaya bilmirsən? Başlayıb yarıda qoyursan? Düşünürsən ki, vaxtın kifayət etmir? Bax burada yaman yerdə axşamladıq. Lakin bunun da yolunu axır-əvvəl tapan oldu. Ən asan texnika ilə artıq istədiyin hər şeyi öyrənə biləcəksən!
Alim və yazıçı Coş Kauffmanın fikrincə, öyrənmək istədiyimiz hər şeyi - istər musiqi alətində ifa etmək, istər yeni bir dil, istərsə də bir mövzuya yiyələnmək - 20 saat ərzində hamısını edə bilərik.
O, “İlk 20 saat” kitabında “Bir bacarığı mənimsəmək üçün nə qədər vaxt lazımdır?” sualına cavab tapmaq qərarına gəlib. Tapdığı cavab: 10.000 saat! Tam həvəsləndirici deyil, elə deyil? Beləliklə, Kaufman başqa bir sual vermək qərarına gəldi: "Yeni bir bacarıqda kifayət qədər yaxşı olmaq üçün nə qədər vaxt lazımdır?" Onun tapdığı zənnimcə bizə lazım olan həvəsi verə bilər. Kaufman tapdı ki, yeni bir bacarıq öyrənmək üçün cəmi 20 saat vaxt lazımdır.
Bəlkə də pianoda 20 saat səni Bethovenə çevirməyəcək, amma növbəti qonaqlıqda bir neçə melodiya ifa etmək üçün kifayət qədər bacarıqlı olacaqsan. Kaufman cəmi 20 saat ərzində yeni bir bacarıq əldə etmək üçün dörd əsas addımı təklif edir.
1. Bacarıqları parçalara ayır Əvvəlcə bir bacarığı ətraflı təhlil etmək vacibdir. Məsələn, yeni bir dil öyrənməyi planlaşdırırsan. Etməli olduğun ilk şey bu bacarığı təşkil edən əsas hissələri tapmaqdır. Dil dörd əsas hissədən ibarətdir: oxuma, dinləmə, yazma və danışma. Bu parçaları daha qısa şəkildə necə və hansı texnika ilə öyrənə biləcəyini təhlil etməlisən. Gündəlik həyatda istifadə olunmayan minlərlə sözü öyrənməkdənsə, ən çox istifadə olunan sözlərə diqqət yetirmək məntiqli olardı. Bu səni həm motivasiya edəcək, həm də öyrənmə yolunda yormayacaq.
2. Effektiv resursların tapılması Düzgün mənbəni seçməyin çox vacibdir. Öyrənəcəyin bacarığı ən yaxşı izah edən kitablar, onlayn təlimlər və videolar kimi düzgün resursları seçməli və bu resurslardan istifadə etməyə davam etməlisən. Resursların çoxluğu vacib deyil. Əsas odur ki, resursların sənin öyrənmə tərzin uyğun effektiv izahı olsun. Məsələn, bir sahədə 30 kitab oxumaq əvəzinə, düzgün seçim edib 5 kitab oxumaq səni kifayət qədər səviyyəyə çatdıracaq.
3. Öyrənmə prosesinə mane ola biləcək amillərin aradan qaldırılması Öyrənməyimizə mane ola biləcək şeylərlə əhatə olunduğumuz zaman tam diqqətimizlə necə işləyə bilərik? Məsələn bizə mane olan sosial media hesablarımızdan daha az istifadə edib özümüz üçün daha sakit bir mühit yarada bilərik.
Bütün iş vaxtımız boyu fasiləsiz öyrənməyə diqqət yetirsək, əldə edəcəyimiz səmərəlilik ən yüksək səviyyədə olar. Öyrənməyimizdən səmərəlilik əldə etdikcə, daha motivasiyalı işləyə və məqsədlərimizə nail ola bilərik. Düşün və yaz, işləməyinə mane olan amillər hansılardır və onlardan necə imtina edə bilərsən?
4. Ən azı 20 saatın ayrılması Artıq yuxarıda göstərilən üç üsulu tətbiq etməklə, vaxtının 20 saatı ilə hədəflədiyin bütün bacarıqları öyrənə bilərsən. Bu 20 saatdan ya hər gün bir saat, ya da həftədə üç saat istifadə et. Etməli olduğun ən vacib şey özünü tamamilə işinə həsr etməkdir. Uyğun bir plan qur və ona əməl etməyə başla!
Bu dörd üsula baxdığın zaman onların heç birinin əslində o qədər də çətin olmadığını başa düşürsən, doğrudur? Dörd sadə üsulla ağlına gələn hər şeyi öyrənmək mümkündür! Davamlı olaraq dəyişən və inkişaf edən mühitə ayaq uydurmaq üçün öyrənilməsi lazım olan o qədər çox şey var ki... Beləliklə, öyrəndiyin bu məlumatların işığında indi etməli olduğun şey, öyrənmək istədiyin bacarığı tapmaqdır.
Kaufman demişkən, “Bacarıq əldə etmək üçün əsas maneə intellektual deyil, emosionaldır." Bu maneyəni də dəf etmək üçün gələn yazılarıma nəzər salmalısan. Xəbərdar olmaq üçün sosial media hesablarımı izləməyi unutma ;)