Afsana Shukur

Motivasiya olmayanda nə edək?

Bəzi günlər həyəcanverici işlərə başlayırsan, bəzi günlər həmin iş səni artıq xoşbəxt hiss etdirmir. Bəzən yerindən qalxmaq istəmirsən, bütün günü boş-boş evdə oturursan(özü də pijama ilə ), işlərin tökülüb qalıb sənin isə heçnə etməyə həvəsin yoxdur. Anan deyir-tənbəlsən, dostun deyir- yorulmusan, yat keçəcək (ən azından mənimkilər elə deyir). Əslində nə olduğunu isə bilmirsən. Hər halda buna görə buradasan. Mənim də boynumun borcu bu məqalə ilə nə olduğunu sənə izah etmək, səni silkələmək və yenidən özünə qaytarmaqdır. Nə yuxusuz gecələr üçün içdiyin acı kofe, nə də qəlbindəki boşluğu doldurmaq üçün başladığın yeni münasibət kimi keçici deyil mənim məsləhətlərim, sən bilirsən 😉 
 
 
Öncə bir şeyi dəqiqləşdirək. Yorğunluq və heçnə etməmək hissi hansı aralıqda baş verir? Əgər bu tez-tez olursa, bəlkə də bu durumun sənə söyləmək istədikləri var. 
Məsələn, səhərləri işə getmək istəməmək, verilən tapşırıqları etməkdə canının sıxılması əslində düzgün yerdə olmadığına işarədir. Kitabxanalarda gəzmək səni xoşbəxt etdiyi halda mühasib işləyirsənsə, karyera məqsədlərinin nə olduğunu və buna necə nail ola biləcəyini yaxşıca nəzərdən keçirməyin tam zamanıdır. İnsan yalnız sevdiyi işlə məşğul olduqda xoşbəxt və bol motivasiyalı olur, unutma. Təcrübə danışır 🤪 
 
Əgər qorxunc olduğu halda yenə də bu işi görməyə məcbursansa, o zaman o işi zövq aldığın bir işlə birlikdə et. Öz etdiklərimdən misal çəkim. İdman etməyə həvəsim yoxdursa, mənə enerji verən musiqilərə qulaq asaraq başlayıram. Bu, enerjimi artırır. Bura da qulaq asdığım musiqiləri paylaşdığım link yerləşdirəcəm, nəzər salarsan ▶️ https://t.me/afsanashukur/622 
Daha bir nümunə- paltar ütüləyəndə sevdiyim videoya baxıram, kompüter başında ikən ətirli şam yandırıram və s. 
 
Bir işə başlamaq onu davam etdirməkdən daha çətindir. Ona görə də bir işə başlamağa həvəsin yoxdursa, özünü mükafatlandırmaqla başlaya bilərsən. Məsələn 'işi bitirəndən sonra gedib gəzməyə özümə izn verəcəm', 'sevdiyim şokoladı yeyəcəm' (əgər tez-tez şirniyyat yeyən deyilsənsə,təbii ki 🤣 ) və s. Özünə kiçik rüşvət vermək pis bir iş deyil məncə :) 
 
Uğurlu insanların səhər rutinləri öncə özlərinə xoş söz deməklə başlayır. Təsəvvür et ki, bazar səhəridir, duran kimi- 'Uf, gələn həftə pis olacaq, nə qədər iş var, necə edəcəm” deyirsən. Bu sözləri yüksək səslə söylədin, artıq şifahi olaraq elan etdin və yəqin ki, tam olaraq haqlı çıxacaqsan. Mənfi düşüncəni bəyan etmək yerinə onu müsbət şeylə əvəz et və günün dadını çıxar. Həmin o cansıxıcı işlərlə məşğul olmağın yollarını o vaxt fikirləşərsən 😉 
 
Rutinini dəyişdir. Biz çox vərdişli varlıqlarıq və bu təkrarlama cansıxıcı ola bilər. Monotonluğu aradan qaldırmaq üçün günə yeni təcrübələr əlavə etməyin yollarını tap. Məsələn, kimsə səni nəsə etməyə dəvət edirsə, nə olursa olsun, bəli de. Və ya səni həmişə maraqlandıran bir dərs üçün qeydiyyatdan keç və yaxud şəhərə çıx, turist kimi yeni yerləri kəşf et. Hər gün eyni insanlarla ünsiyyət qurmaq, eyni yeməkləri yemək, eyni gediş-gəliş etmək – həyat eşqimizi ciddi şəkildə zədələyir. Həyatımızda daha çox məna tapmaq üçün bəzi yeni təcrübələrə sahib olmalıyıq. 
 
Hər gün hədəflərini yaz. Onları nəinki yazmalısan, həm də gündə ən azı bir dəfə siyahıya müraciət etməlisən. Özünə niyə ayağa qalxdığını və hər gün nə etdiyini, nəticədə nəyə çalışdığını xatırlatmalısan. Əgər məqsəd uzaqdadırsa, yol boyu motivasiyanı itirmək asan ola bilər. Bununla belə, özünə hədəfini xatırlatsan, onu gözdən qaçırmayacaqsan və hər gün ayağa qalxıb hərəkət etmək üçün nikbin olacaqsan. Məqsədin yoxdursa da mütləq özünü kəşf etməli və hədəf müəyyənləşdirməlisən. 'Elə problemim budur, məqsədim yoxdur, hədəf müəyyənləşdirə bilmirəm'- deyirsənsə, bir mütəxəssisdən məsləhət ala bilərsən. Bu yolda mən də sənə kömək etməyə hazıram 🥰 
 
Bəzən bir işə başlamağa motivasiyanın olması gələcəkdə səhv etməkdən qorxma, mükəmməlliyətçi olma, işin çətinlik dərəcəsi və s.-dir. Belə hallarda 'mən bacarmayacam, rəqabət çoxdur, çətindir' deməkdənsə, özünü döyməkdənsə, daha mehriban daxili dialoq yarat. Bu, o demək deyil ki, “mən dünyanın ən yaxşı insanıyam” kimi hədsiz dərəcədə müsbət təsdiqləri təkrarlamalısan. Bunun əvəzinə, özünü qəbul etməyi və özünü təkmilləşdirməyi bacarmalısan. Qüsurlarını, səhvlərini və uğursuzluqlarını dürüstlüklə etiraf et. Etibarlı bir dost kimi özünlə danış. Özündən soruş: "Bu problemi olan bir dostuma nə deyərdim?" Çox güman ki, başqasına qarşı özünə qarşı olduğundan daha mehriban olacaqsan 😇 Beləliklə, özünə yaxşı bir dost kimi davranmağa başla. Səni həvəsləndirən və uğursuzluqlardan qurtulmağına kömək edən sözləri öz-özünə deyərək məşq et. 
 
Müvəqqəti enerjisiz qalma hissləri ilə ümidsizlikdən tamamilə tükənmiş hiss arasında fərq olduğunu unutma. Bu hissləri yalnız sən yaşamırsan və ayağa qalxıb mübarizə aparmaq üçün cəsarətli olduğunu unutmamalısan. Səni səndən başqa heç kim yaxşı anlamaz. Özünü dinlə və bu hissləri niyə yaşadığını analiz et. Səbəb də, çarə də sənin daxilindədir, unutma. Əgər sadaladıqlarımı etdiyin halda dəyişən heçnə yoxdursa, mənimlə əlaqə saxlaya bilərsən. 

Məni izləyin