Afsana Shukur

Nə əkərsən, onu biçərsən

Atalar gözəl deyib:nə əkərsən,onu da biçərsən. Armud ağacı alma verməz, doğrudur, 3 qulaqlı quzu olduğunu eşitmişik, elə 2 başlı inək də, amma hələ fərqli meyvə verən ağac eşitməmişik vallah. Heç olmasa eşidənə qədər , icazə verin əkdiyimizi biçək,ya da icazə verin əkək. Yaxşı bəs, nə əkək? 
 
Deməli, anan deyir həkim ol, dostların deyir 'bankda işlə,orda qəşəng pul var ' - (qadası bankda işləmək bankın pulları mənim olacaq demək deyil), aa bunu qohumlar deyirdi? yaxşı, dostlar da deyir, 'götür qarajı bidənə obyekt aç, babat pul qazanarsan'. Xülasə,torpağa başqa toxum atırsan,daha doğrusu verirlər əlinə ki, buyur cücərt, meyvədi də bar verəcək,yeyəcəm,deyirsən. Və toxumları atırsan torpağa.Zaman keçir,ağac quruyur, yəni ki, işin iflasa uğrayır. Üzgünəm, pessimist yazı ilə başlamamalıydım, axı bu bir motivasiya saytıdır. Amma bunlar həqiqətdir,dostum. Bəli, sevmədiyin bir ağacı sulamağı unutduğun üçün və ya istəksiz olduğun üçün ağacın qurudu. Keç B planına, yəni bu dəfə valideynlərinin sözünə qulaq as. Əminəm ki, indi onlar 'gördün, böyüyün sözünə baxmayan, böyürə-böyürə qalar' deyirlər. Yenə də soruşmadılar hə, 'ay bala sən nə istəyirsən?'- deyə. Yoxsa,heç özündə bilmirsən? Yox? Onda bağışla, sən özündən soruşmadığın halda, digərlərindən gözləməyimiz absurddur onsuz,niyə onları günahlandıraq ki?! Axı bəzi valideynlərə də necə valideyn olmağı öyrədilməyib. 
 
Bunu da keçdik, yəqin düşünürsən ki,deyəcəm B planı da iflasa uğradı. Haqlısan,bunu deyəcəkdim. Bəli, özündə yaxşı bilirsən ki, sən ancaq öz ürəyinin səsinə qulaq asmalı, sevdiyin meyvənin toxumunu almalı və cücərtməlisən.Ancaq o zaman unutmayacaqsan- sulamağı. Və ancaq bu zaman bar verəcək o ağac. Bəli, ola bilər gec böyüdü, hətta daha az meyvə verdi, amma bu önəmli deyil. Ağac bar verəndə başını aşağı salar. Yox, bu atalar sözü bura uyğun deyil. Nə tökərsən aşına, o da çıxar qaşığına. Biz aş hazırlamasaq da məncə, bu tam yerinə düşdü. 
 
Xülasə, öz sevdiyin toxumu tapmağın üçün yəni, özünü kəşf etmə, özünlə söhbət etmə, özünü anlama, düzgün hədəf seçmə yolunda çətinliklərin olacaq. Bu sayt bunun üçün yarandı. İçindəki gizlənmiş mükəmməl səni birlikdə kəşf edəcəyik. Kəşf etmisənsə, birlikdə zirvələrə qalxacağıq,zirvədəsənsə başqalarına yardım edib, onlara faydalı olacaq, onların uğurları ilə xoşbəxt olacağıq. Bu həyatda həmişə şagirdik-öyrənənik,dostlar. Birlikdə öyrənəcəyik, birlikdə film izləyib,kitab oxuyub özümüz özümüzü ruhlandıracağıq. 
 
Xaricdən alınan hər motivasiya qalıcı deyil, bu sayt səni quru sözlərlə qaza gətirməyəcək, o sənin daxilindəki enerjini hərəkətə çevirəcək. Öz həyat təcrübələrimi, öyrəndiklərimi və öyrənəcəklərimi səninlə paylaşacam və sənin getdiyin yola çıraq olacam. Mənimlə bu yolu gedəcəyin üçün xoşbəxtəm,dostum. Gəl,bu gündən toxum seçməyə başlayaq.

Məni izləyin