Afsana Shukur

Özgüvəni necə artırmaq olar?

Özünəgüvəni əskik insanlar uğur nərdivanına çox çətinliklə çıxırlar. Müvəffəqiyyətin ilk addımlarından biri öz güvəni bərpa etmək, özünə inamla irəli getməkdir. 

Özgüvənin əskik olmasının bir çox səbəbləri vardır, lakin həll yolu da bir o qədər çoxdur. Lakin unutma ki, öz güvən doğuşdan bir bacarıq deyil və bir bilginin əskikliyi sənin öz güvənsiz olduğun anlamına gəlmir, hər kəs hər mövzuda öz güvənli olmaq məcburiyyətində deyil. Bu yolları istifadə edərək özgüvənini yenidən inşa edəcəyinə inanıram, unutma ki bunu davamlı olaraq etməlisən. 
 
 
1. Özünü kəşf et 
 
 Yəni zəif və güclü tərəflərini bil, onlar üzərində çalış. Çox yaxşı və ya zəif bildiyin bir mövzu, bacarıq nədirsə onu kəşf et, özünlə qürur duyana qədər əl çəkmə. Özünü inkişaf etdirdiyin zaman öz güvənli olacaqsan və belə olduğu təqdirdə başqalarının düçüncəsi sənin üçün öncəlik olmayacaq. Axı sən nəyi bilib, nəyi bilmədiyinin fərqindəsən ;) 
 
2. Ön sıralarda otur. 
 
  Adətən mühazirələrdə, konfranslarda, brifinqlərdə və ya seminarlarda əvvəlcə arxa sıralar doldurulur. Ön sıralarda oturan insanlar izdihamdan, fərqlənməkdən çəkinmirlər. Çünki intellektual qabiliyyətlərinə, davranışlarına və görünüşlərinə güvənirlər. Buna görə öz güvən qazanmaq üçün ilk yerləri seçməlisən. 
 
3. Fikrini ifadə et. 
 
Nə qədər çox danışsan, bir o qədər özünə güvənəcəksən, buna görə hər dəfə ictimaiyyət qarşısında danışmağı asanlaşdıracaqsan. İştirak etdiyin hər yerdə fikirlərini bildirməkdən çəkinmə. Gülünc və ya axmaq görünəcəyini düşündüyündən əminəm. Ancaq inan, kimsə bunu düşünmür. İstənilmədən könüllü danış. Sual, təklif, şərh ver. Fikirləri bildirən sonuncu yox, ilk şəxs ol. 
 
4. Özünə inamla gəz 
 
Psixoloqlar deyirlər ki, ləng gəzmək özünə güvənsizlik və ətraf aləmə qarşı mənfi münasibət bəsləməklə əlaqəlidir. Duruşu və yeriş tərzini dəyişdirərək mənfi münasibəti müsbətə çevirə bilərsən. Başı dik, sürətli və inamla yeri ki, kənardan necə də öz güvənli olduğunun şahidi olsunlar. 
 
5. Özünə xoş sözlər deməyi təxirə salma. 
 
Özünü sevmək və dəyərli hiss etməyin üçün müsbət cəhətlərini özünə tez-tez xatırlat. Unutma, insanın ən böyük əngəli də, ən böyük dəstəkçisi də elə özüdür. 
  
 
Sağlam və güclü addımlarla yeni uğurlara imza at!

Məni izləyin