Afsana Shukur

Özünü sevməyin yolları


Özünü sevmək əslində nə anlama gəlir? 
Bu- rahatlaşdırıcı isti duşlar, ətirli şamlar, mütailə etmək, bir fincan qəhvədən ləzzət almaq, qaçışa getmək, bəyəndiyin paltarları almaq və yaxşı yemək şəklində ola bilər. 
Ancaq özünü sevmək əslində yalnız özünü əzizləməkdən ibarət deyil! 

Özümüzü sevmək, öz bədənimizi tənqid etmədən güzgüyə baxa bilməkdir. Özümüzü sevmək,həyatda olduğumuz yerdən məmnun olmaqdır. Özümüzü sevmək, başqaları səhv edəndə onlara təsəlli verdiyimiz kimi, eynisini biz edəndə özümüzə şəfqət verə bilməkdir. Özümüzü sevmək, özümüz haqqında mehriban danışmaq və düşünməkdir. Özümüzü sevmək, ehtiyaclarımızı dinləmək və bəzən özümüzü birinci yerə qoymaqdan ibarətdir. 

Özümüzü həqiqətən 100% sevməyin bir yolu varmı? Etiraf edim ki, mən də bəzən özümü bütünlüklə qəbul edib, sevə bilmək üçün özümlə, düşüncələrimlə mübarizə aparıram. Çünki bizə uşaqlıqdan bunlar yeridilib: 'valideynlərin dediyi universiteti oxu', 'o qızla(oğlanla) ailə qur', 'bir hərəkət etmədən ailəni düşün', 'məbadə səhv etmə' və s. Əlbəttə mən bunların yanlış olduğunu demirəm, lakin 'öz ürəyinin səsinə qulaq as', 'düzgün bildiyin şeyi et', 'səhv etsən belə eybi yox, təcrübə olacaq', 'özünü sev' heç deyilmədi. Eşidənləri təbrik edirəm, lakin əksəriyyətimiz bu cür böyüdük, ona görə ancaq susduq, başqaları üzülməsin deyə etiraz etmədik və nəhayətində yenə üzülən və qırılan biz olduq. 

Özümüzü sevməməyin nəticəsində həyatı sevmədik...Əgər uşaqlıqdan sevgisiz böyümüsənsə, bu özdəyəri yaratmaq uzun proses ola bilər,lakin biraz disiplinlə güclü və özünə dəyər verən birini 0-dan inşa edəcəyinə inanıram. Bu yazını oxuyursansa, dəyərləndir! 

İlk addım- Özünlə yola get və xoşbəxt ol! Bu yaşa qədər nəyəsə nail ola bilmədiyinə, sinifdə birinci ola bilmədiyinə, o işi ala bilmədiyinə görə tez-tez özünü 'döyürsən', özünü tənqid etmək sonsuza qədər davam edə bilər, amma çin işgəncəsinə son! 
Əziz dost, özünə qarşı daha mülayim ol. O anda daha yaxşısını edə bilmədiyin üçün özünü bağışla. Pis dönəmlərdə güc toplaya bilmədiyin üçün özünü bağışla. Keçmişdə etdiklərinə görə özünü bağışla. Həm başqaları, həm də sənin üçün zərərli olan xüsusiyyətləri dəyişdirməyə açıq ol, özünü hər əksiyinlə qəbul et və bunların səni özəl etdiyinə inan. Səhvlər sən dərs alasan deyə var, yanlışlar, xəyanətlər sən güclən deyə baş verdi. Özünü günahlandırma. Bu prosesləri özbaşına atlatmısan. Sən həmişə sənin yanında olub unutma, ona təşəkkür et, onu bağışla, onu sev!❤ 

ÖZÜNÜ İFADƏ ETMƏKDƏN QORXMA! İş yerində, ailəndə, dostlarınla bir mühitdə və s. fərq etməz. Ən pis ehtimalı düşünüb içində saxladığın şeylər çox olub bilirəm. Amma işini, dostlarını itirməkdən qorxma. İstədiyin, səni narahat edən şeyləri ifadə etməkdə azadsan. Və əgər onlara sərf etməyən bir düşüncə səbəbindən tərk edilirsənsə və ya qovulursansa, bundan narahat olmaq əvəzinə sevin! Çünki layiq olduğun yer və insanlarla əhatələnmədiyini anlayacaq və ətrafını pislərdən təmizləmiş olacaqsan.Dürüst ol- hisslərinə qarşı! Burda Kemal Sunalın replikası yadıma düşdü- 'Sən qovmadın, mən istefa etdim' 😂 Yeri gələndə ilk gedən, silən SƏN ol! Aciz olmadığını anlasınlar! 

Yox deməyi bacar və öncəliyin özün olsun. Başqalarının arzuları, xahişləri, qərar verdikləri yer, yemək və s. öncəlik olur. Səndən soruşmadan və ya sənin sözünə əməl edilmədən həm də. Və ya sən bir dəfə artıq 'mənim üçün fərqi yoxdur' dediyin an iş bitmişdir. Fərqi var! Əlbəttə sənin sevdiyin yer, yemək, musiqi var. Amma sırf onlar xoşbəxt olsun, zövqümə gülməsinlər və s. deyə hər şeylə razılaşmısan. Qurban rolundan çıx. Hər zaman etdiyin bir iş varsa (bu seriala baxmaq, idman və s. ola bilər) və görüşə gedə bilmirsənsə, onların təklifini nazikcə geri çevir, sevmədiyin birşeyi məcbur etmə, yox deməyi bacar və öz həyatını ilk sıraya qoy. Qoy sənə və düşüncələrinə hörmət edən insanlar qalsın yanında. Bu eqoistlik yox, özünə dəyər verməkdir. Belə edəndə arada özünü qucaqla və özünlə danış- 'vaay necə cəsarətli imişsən' de. Dəlilikdir? Qoy elə olsun 🤪 

Özünü gözəl şeylərə layiq gör- İstər geyim, istər aksesuar, yemək, həyat yoldaşı, iş və s. Hər zaman ən yaxşısına layiq olduğuna inan. İki seçim arasında qalanda ən ucuzuna qaçmamaq lazım bəzən, özünü əzizlə, özünə çiçək al. Nəsə təklif ediləndə geri çevirmə, 'mənə bahalı hədiyyə almayın' demə, yardım istəməyə çəkinmə. Onsuzda istəsələr edəcəklər, istəməsələr yox. Sən özünə necə davransan, qarşındakı da o cür davranacaq. Təsəvvür et ki, ev yiyəsi bişirdiyi torta 'çox dadsızdır', 'heç yaxşı bişirmirəm', 'bərbad görünür' desə onu sevgiylə yeyərsən? və ya satdığı əşyanı pisləyən satıcıdan nəsə alarsan? Məncə sən mesajı aldın 😉 

Xülasə, daha yaxşı həyat yoldaşı, dost, övlad və iş adamı olduğuna inan, özünü prioritet hesab et və başqasına verəcəyin sevgi və hörmətlə özünə yanaş. Özünə başqalarına rəftar etdiyin kimi davrandığın zaman heç vaxt düşünmədiyin şəkildə çiçək açmağa başlarsan. Ağlına, bədəninə və ruhuna qayğı göstərdiyin zaman, başqalarına həqiqi sevgi və sevincdən gələn bir şəkildə xidmət edə və sevə biləcəksən. 

Geyin o zaman öz sevgidən doğan libasını və peşman olma! ;) 

Bura dinləyəcəyin və sevəcəyin bir musiqi də qoydum :) 

https://www.youtube.com/watch?v=jJvDnYdD8JQ



 

Məni izləyin