Afsana Shukur

Rəqəmsal detoks nədir və faydaları | Telefon asılılğından qurtulma yolları

Rəqəmsal detoks nədir və faydaları


Film izləyərkən və ya kitab oxuyarkən birdən ara verib telefonuna baxırsan? Dostlarla birlikdəykən və ya yemək zamanı telefonuna gələn bildirişlərə baxmadan dura bilmirsən? Boş zamanlarında ağlına ancaq telefonda oyun oynamaq gəlir və ya sosial şəbəkələrdə vaxt keçirirsən? Telefonunu tapmayanda narahatlıq və gərginlik içində olursan? Əgər yuxarıdakı sualların əksəriyyətinə hə cavabı verdinsə, deməli sənin də telefondan asılılıq problemin var və detoks etmək zamanın gəlib. Əslində bu sadalananlar tipik bir insanın sıradan günüdür. Təxminən 7 saatımızı dijitala sərf edirik. Hətta bəziləriniz deyə bilər daha çoxunu :/ Həyatımızı asanlaşdıran ağıllı cihazlar, eləcə də dəyərli zamanımızı bizdən oğurlayır, bizi stressə salır. Bu telefon asılılığından qurtulmaq üçün rəqəmsal detoks etmək ən gözəl üsuldur. Mən də 5 gün etdim və faydalarını bölüşmək qərarına gəldim :)

Öncə görək bu rəqəmsal detoks nədir? Rəqəmsal detoks bir neçə gündən bir neçə aya qədər bir müddət ərzində elektron cihazların və ya sosial medianın istifadəsinə fasilə verməkdir. Sosial media istifadəsini minimuma endirmədən öncə onun sənə zərərlərini müəyyənləşdirməlisən. Məsələn, mən instagrama bir girirdim bir də yarım saat sonra çıxırdım, nəticədə zamanın necə getdiyinin fərqində olmurdum və işlərim gecikirdi. Digər səbəblərdən biri də üzücü və ya narahatlıq yaradan xəbərlərlə qarşılaşmağımdır. Məni stressə salır, qorxudur və əsəbləşdirirdi.

Rəqəmsal detoks ilə nələr qazandım? 
1. İşə daha çox fokuslanma 
2. Daha az stress 
3. Vaxta qənaət 
4. Real, sosial əlaqələr 
5. Ailə ilə daha çox vaxt keçirmək 
7. Normal yuxu rejimi

Bəs rəqəmsal detoksa necə başlaya bilərik? 
1. Öncə hansı fəaliyyətləri azaltmaq və ya aradan qaldırmaq istədiyini müəyyənləşdir. Xəbərlər səni stresə salırmı? Sosial mediada çox vaxt keçirirsən? Telefondan ayrıla bilmirsən? 
2. Məqsədlər yarat. Müəyyən bir proqram və ya media növünün istifadəsini azaltmaq və ya ləğv etmək istəməyini əsaslanaraq özünə məqsəd qoy. Bunu konkretləşdir. Bütün gün olacaq, yoxsa yalnız müəyyən vaxtlarda? Məsələn, gündə yalnız 15 dəqiqəni sosial mediada keçirməyə, telefonunu gecələr başqa bir otağa qoymağa və ya bazar günlərini texnologiyadan azad bir günə çevirməyə qərar verə bilərsən. 
3.Detoks zamanı yaşadığın faydalara və maneələrə diqqət yetir. Üç saat ardıcıl olaraq xəbərlərə baxmağı dayandıranda nə oldu? Facebook və ya Instagram istifadə etmədiyin zaman özünü necə hiss etdin? Düşündüyündən daha asandı, yoxsa çətin? Sonra dəyişikliyin hansı aspektinin irəliləməsinə davam etmək istəməyinə qərar ver. İndi isə edəcəyin bəzi şeylər var. 
Çətin olsa da bunları etmən dijitaldan uzaqlaşmanda uğurlu olacaq. 
1. Telefonu evdə buraxaraq çölə çıx, dostlarınla görüş . Əgər sosiallaşmağı sevmirsənsə, bəlkə də özgüvən problemi yaşayırsan. Bunun öhdəsindən gəlmən üçün sənə faydalı olacaq yazımıza daxil ol 

2. Bütün işlərimi telefonla görürəm, onsuz olmaz deyirsənsə, telefonsuz işini görə biləcək alternativlər tap, yeni hobbilər yarat.

3. Sosial medianı telefonundan sil və ya bildirişlərin ekrana gəlməsini gizlə. Yox əgər yenə çətin olduğunu düşünürsənsə, heç olmasa bəzi zamanlarda telefon və media istifadəsini dayandır; 
• Yemək yeyərkən 
• Oyandığın zaman və ya yatmazdan əvvəl 
• İş görərkən 
• Dostlar və ya ailə ilə vaxt keçirərkən

Bu tövsiyələrə əməl etsən, zehni və fiziki sağlamlığına necə yaxşı gəldiyinin fərqində olacaqsan, sonda da bu məlumatlar üçün mənə təşəkkür edəcəyinə inanıram

Məni izləyin