İcazə verin sizə yəqin ki, tanış olan bir ssenari təqdim edim. Restoranda dostlarla süfrə arxasındasınız. Nahar etdiyiniz yerdə göyərti dişinizin arasında qalır. Naharı bitirmisiniz, ətrafınızdakılarla deyib gülmüsünüz və bunun fərqində olmamısınız. Sonradan güzgüyə baxdıqda təsadüfən dişinizdəki görüntünün fərqinə varırsınız və budur - bütün gün məhv oldu! Ağlınızda min cür fikirlər dolaşır: 'Danışdığım hər kəs bunu gördü', 'hamı mənə baxır', 'elə sən demə bayaqdan buna gülürdülər', biyabır oldum'. Əslində isə heç kəs bunun fərqində olmayıb, çünki heç kəs heç nə deməyib.
Başqa bir nümunə. İş yerində bir toplantıdasız və sizə söz verilir. Siz isə həyəcandan demək istədiyiniz bütün sözləri unudursuz, diliniz dolaşır və ortaya əcayib cümlələr çıxır. Hər kəs əl çalır, bəlkə gülümsəyir, amma bu sizin üçün acınacaqlı və rəzil vəziyyətdir. Bu anda bir-biriylə söhbət edən və gülən insanların sizin bayaqkı vəziyyətiniz haqqında danışdıqlarını, sizə güldüklərini düşünürsünüz. Gedib onlardan soruşduqda isə belə olmadığını, o vəziyyəti heç xatırlamadıqlarını söyləyərlər. Bəli, bu vəziyyətlərdə siz əslində spotlight təsirindəsiniz. Sözün mənası səhnə işığı deməkdir. Bir səhv etdikdə və ya gülünc hala düşdükdə bütün gözlərin bizdə olduğunu düşünərik, amma əslində heç kəsin vecinə deyilik, yəni 'səhnə'də deyilik.
Bəlkə başqalarının sizi orada tək görüb, dostu yoxdur qənaətinə gələcəklər qorxusuna görə sinemaya tək getmirsiniz? Saçınızın doğru formada darandığından və geyiminizin səliqəli olduğundan əmin olmaq üçün saatlarla güzgü qabağında vaxt keçirmisiniz? İclasa bir neçə dəqiqə gec girdiyinizdə bütün gözlərin sizdə olduğunu düşünürsünüz? Əgər bu suallardan azı birinə hə cavab verdinizsə, deməli siz də spotlight təsirindəsiniz.
Spotlight təsirini niyə yaşayırıq?
Hadisələrə daha çox öz pəncərəmizdən baxmağa öyrəşdiyimiz üçün başqalarının rəylərini dəyərləndirməkdə çətinlik çəkirik. Öz hərəkətlərimizə, yanlışlarımıza daha çox fokuslanmadayıq. Başqalarının düşüncələrinin bizim düşüncələrimizlə eyni olduğuna inanırıq.
Spotlight effekti insan olmağın təbii bir parçası olsa da, hər zaman özünüzü yanlışların mərkəzində hiss etsəniz, bu özgüvəninizi ciddi şəkildə zədələyəcək, anksiyetə xəstəliyinə gətirib çıxaracaq.
Bəs bununla necə başa çıxa bilərik?
1. Xatırlayın ki, ətrafınızdakı hər kəsin özünəxas narahatlıqları var. Geyiminizdəki ləkə, düyməsi açıq şalvar, səhv dediyiniz söz düşündüyünüz qədər çox insanın fərqində olmayacaq. Yaxşı bəs fərqində olanlar? Onlar da uzun müddət xatırlamayacaq. Özünüzə sual verin: Başqalarının bu cür hallarını hansı tezlikdə xaırlayırsınız?
2. Utanc verici hiss etdiyiniz o anlara biraz yumor qatın. Özünüz də həmin hadisəyə gülün, məzəli söz söyləyin. Həm gərginliyinizi azaltmış olacaq, həm də belə olduğu halda insanlar sizi xatırlayacaqlar, amma həmin vəziyyətə olan pozitiv baxışınızı.
3. Başqalarından geridönüş alın. Xüsusilə də başqalarının sizin haqqınızda nə düşündüyünü bilməniz üçün güvəndiyiniz birindən bunu istəyin. Bu, digər insanların sizi nə dərəcədə fərq etdiklərini bilmənizə və həqiqətən də çox şişirtdiyinizə inanmağınıza faydalı olacaq.
Spotlight effektinin təsirini üzərimizdə azaltmağı öyrənmək- etdiyimiz kiçik şeylər haqqında çox narahat olmamağı öyrənmək deməkdir, bu da daha özgüvənli, az narahat olmağımıza, daha rasional düşünməyimizə kömək edəcək.
Əgər hələ də narahatsansa, bu linkə https://www.afsanashukur.com/p/ozguveni-artirmaq-yollari/15 keçid edərək özünəgüvəni bərpa edəcək taktikalarla tanış ola bilərsən.